Di̇abeti̇k Hepatopati̇ya Şəkərli̇ Di̇abeti̇n Geci̇kmi̇ş Ağirlaşmalarinin Təzahür Formasi Ki̇mi̇
Year: 2025
Type: article
Abstract: Məqalədə diabetik hepatopatiyanın patogenetik mexanizmləri haqqında müasir ədəbiyyat məlumatlarının xülasəsi təqdim edilmişdir. Diabetik hepatopatiyalar arasında ən geniş yayılmış patologiyaya alkoqolsuz yağlı qaraciyər xəstəliyi (Non-alcoholic fatty liver disease - NAFLD) aiddir. Bu patologiya ən çox II tip şəkərli diabet (ŞD) və piylənmədən əziyyət çəkin şəxslər arasında qeyd olunur. NAFLD qaraciyər hüceyrələrində yağların çox toplanması ilə səciyyələnən qaraciyər xəstəlikləri qrupudur. Bu qrupa sadə steatoz (NAFL), alkoqolsuz steatohepatit (NASH), fibroz, sirroz aiddir. NAFLD zamanı patologiya steatozdan steatohepatitə, qaraciyər fibrozuna və sirroza keçə bilir, nəticədə qaraciyər çatışmazlığına qədər irəliləyir. NAFLD-ın inkişafında PNPLA3 və TM6SF2 genləri əsas rol oynayır. Bu genlərinin mutasiyası qaraciyərdə piylərin toplanması üçün fon yaradır. Lipidlərin həddindən artıq çox toplanması qaraciyər hüceyrələrini zədələyir. Bu zaman zədələnmiş hepatositlərdən zədələnmə ilə əlaqəli molekulyar nümunələr (Damage-Associated Molecular Patterns – DAMPs) xaric olur və səthində TLR4 reseptorları olan hüceyrələrlə birləşir. TLR4 reseptorları ilə birləşən digər molekullara patogenlə əlaqəli molekulyar nümunələr (Pathogen-Associated Molecular Patterns – PAMPs) aiddir və bu molekullar NAFLD zamanı bağırsaqlardakı bakteriyalardan qana keçir. Daha sonra DAMPs və PAMPs molekulları TLR4 reseptorları ilə birləşərək immun cavabı işə salır və kupfer hüceyrələri, neytrofillər, T-limfositlər fəallaşaraq iltihab lehinə sitokinlər xaric edir. I tip ŞD zamanı da NAFLD-ın inkişaf etməsi haqqında məlumatlara rast gəlinir. Bu zaman həm qlükoza, həm də insulin birlikdə sterol tənzimləyici elementi bağlayan zülal 1c (Sterol Regulatory Element-Binding Protein 1c - SREBP-1c) transkripsiya amilini fəallaşdırır. REBP-1c lipogenezi idarə edən genlərin ekspresiyasını artırır. Nəticədə qaraciyərdə yağların toplanması qaraciyər steatozunun inkişafına səbəb olur. İstənilən səbəbdən hepatositlərin zədələnməsi nəticəsində ALT, AST, QQT, LDH kimi fermentlər qana keçir, bu da qaraciyərin zədələnməsinin göstəricisi kimi qiymətləndirilir. Diabetik hepatopatiyanın parametrlərinin erkən aşkarlanması xəstəliyin müalicəsinin vaxtında aparılmasına və ölüm riskinin azalmasına zəmin yaradır.
Author: M.B. Talışinskaya
Institution: Azerbaijan Medical University
Language: English
Subfield: Epidemiology
Field: Medicine
Domain: Health Sciences
Open Access status: gold
OpenAlex ID: W4416683550
FWCI:
Cites:
Cited by:
Related to:
