Ağiz Qarqarasi Üçün Fi̇tokompozi̇si̇yanin Texnoloji̇, Fi̇toki̇myəvi̇ Və Anti̇mi̇krob Qi̇ymətləndi̇ri̇lməsi̇
Year: 2026
Type: article
Abstract: Giriş. Bitki mənşəli bioloji fəal maddələrlə zəngin çoxkomponentli fitokompozisiyalar ağız boşluğu üçün yerli istifadə olunan profilaktik və yardımçı vasitələrin hazırlanmasında perspektivli xammal bazası hesab olunur. Ağız qarqarası formasında nəzərdə tutulan belə preparatlarda ekstraksiya üsulunun seçilməsi, fenol birləşmələrinin miqdarı, marker maddələrin profili və antimikrob təsir mühüm texnoloji və farmakoqnostik göstəricilərdir. Məqsəd. Tədqiqatın məqsədi ağız boşluğu qarqarası üçün perspektivli fitokompozisiya ekstraktının seçilməsi məqsədilə iki bitki qarışığından alınmış ekstraktların texnoloji, fitokimyəvi və mikrobioloji göstəricilərin müqayisəli qiymətləndirilməsi olmuşdur. Material və metodlar. Tədqiqatda iki fitokompozisiya istifadə edilmişdir: I fitokompozisiya gicitkən, nanə, mixək, gülümbahar və yaşıl çaydan; II fitokompozisiya kəklikotu, nar qabığı, adaçayı, dəvədabanı və çobanyastığından ibarət olmuşdur. Ekstraktlar 40%-li və 70%-li etanol mühitində maserasiya və perkolyasiya üsulları ilə alınmışdır. Quru qalıq göstəricisi gravimetrik üsulla, antioksidant aktivlik DPPH radikal tutma metodu ilə, ümumi fenol birləşmələri Folin-Ciocalteu reaktivi əsasında spektrofotometrik üsulla müəyyən edilmişdir. Kafein, rozmarin turşusu və kversetin marker maddələri YEMX üsulu ilə təyin edilmişdir. Seçilmiş 70%-li ekstraktların antimikrob aktivliyi disk-diffuziya və seriyalı durulaşdırma üsulları ilə qiymətləndirilmişdir. Nəticələr və müzakirə. Ən yüksək quru qalıq T2–40% perkolyasiya nümunəsində 2,66%, T1–70% perkolyasiya nümunəsində isə 2,03% olmuşdur. Ümumi fenol birləşmələrinin ən yüksək miqdarı T1–70% perkolyasiya nümunəsində 663,07 mkq/ml təşkil etmişdir. DPPH analizində I fitokompozisiya II fitokompozisiya ilə müqayisədə daha aşağı IC₅₀ göstəricisi nümayiş etdirmişdir: 30 dəqiqədə 31,70 mkq/ml, 60 dəqiqədə 28,80 mkq/ml. YEMX analizinə əsasən kafeinin ən yüksək miqdarı T1–70% perkolyasiya nümunəsində (0,1412 mg/ml), rozmarin turşusunun ən yüksək miqdarı T2–70% perkolyasiya nümunəsində (0,3382 mg/ml), kversetinin ən yüksək miqdarı isə T2–40% perkolyasiya nümunəsində (0,4296 mg/ml) müəyyən edilmişdir. Mikrobioloji sınaqlar hər iki 70%-li ekstraktın xüsusilə Staphylococcus aureus və MRSA üzərində daha ifadəli təsir göstərdiyini aşkar etmişdir. Yekun. Kompleks qiymətləndirməyə əsasən T1–70% perkolyasiya nümunəsi ümumi fenol birləşmələrinin yüksək miqdarı, qənaətbəxş marker profili, selektiv antimikrob aktivliyi və texnoloji üstünlükləri ilə ağız qarqarası üçün gələcək formulasiya mərhələsində perspektivli ekstrakt kimi qiymətləndirilə bilər.
Author: Əfsanə Məmmədova
Institution: Azerbaijan Medical University
Language: English
Subfield: Food Science
Domain: Life Sciences
Open Access status: gold
OpenAlex ID: W7170042787
FWCI:
Cites:
Cited by:
Related to:
